Əsas səhifə / Manşet / Arı sancması zamanı bunları edin
Bizi mobildən daha sürətli  izləyin

Arı sancması zamanı bunları edin

as

Arı və ya eşşək arısı sancması çox təhlükəli ola bilər. Allergiyaya meylli olan insanlarda, uşaqlarda bu, ağır allergik reaksiyanın, hətta anafilaktik şokun inkişafına gətirib çıxarda bilər.

Arı və eşşək arıları insanları yalnız təhlükə hiss etdikdə sancır. Bu səbəbdən həşəratları görəndə dərhal təşvişə düşməyin, onları qovmağa çalışmayın, sakit qalın.

Eşşək arıları insanları daha tez-tez sancır və onların sancmaları daha ağrılıdır.

Dil, dodaq, qırtlaq və üz nahiyəsinin sancılması çox təhlükəli hesab olunur. Çoxlu sayda sancmalar zamanı ağır intoksikasiya (zəhərlənmə) inkişaf edə bilər. Bu halda insanı dərhal xəstəxanaya çatdırmaq lazımdır.

Arı və ya eşşək arısı sancmasından dərhal sonra insana hər hansı allergiya əleyhinə (antihistamin) dərman vermək lazımdır (klaritin, tavegil, zirtek, suprastin, diazolin). Bunu hətta bu insanda heç zaman allergiya olmayıbsa belə, mütləq edin. Xüsusilə də zərərçəkmiş uşaqdırsa.

Ağrı çox narahat edirsə, hər hansı ağrıkəsici preparat (parasetamol, ibuprofen, analgin, aspirin) vermək olar. Uşaqlara hərarətsalan preparatlardan biri verilir. Bu preparatlar həmçinin ağrıkəsici kimi istifadə olunur.

Zədələnmiş yeri axar su ilə yuyun, istənilən antiseptik (“perekis”, spirt, yod və s.) vurun.

Zərərçəkmişə bol maye (isti şirin çay, şirin su və s.) verin.

Əgər həşəratın sancmasından sonra allergiyanın əlamətləri (ümumi zəiflik, baş ağrısı, başgicəllənmə, ürəkbulanması, arterial təzyiqin kəskin enməsi, nəbzin artması, təngnəfəslik, bəzən hətta qıcolmalar və bayılma) meydana çıxıbsa, xəstəni dərhal xəstəxanaya çatdırın.