Əsas səhifə / Manşet / Azyaşlılar niyə cinsi istismara məruz qalır?
Bizi mobildən daha sürətli  izləyin

Azyaşlılar niyə cinsi istismara məruz qalır?

k

Övladını yaşaya biləcəyi hər cür travmalardan mühafizə etmək hər valideynin istəyidir.

Ancaq nə yazıq ki, buna hər zaman nail olmuruq.

Uşağın sağlığına, fiziki və psixososial inkişafına mənfi təsir edən hər bir yetkin şəxs, cəmiyyət, hətta dövlət qəsdli və ya qəsdsiz etdiyi bu tərz davranışlarına görə məsuliyyət daşımalıdır.

Çünki bunun adı uşaq istismarıdır.

Uşaq istismarları içərisində əsas yeri isə “cinsi istismar” tutur.

Elm adamı Shergold cinsi istismarın uşaq üzərindəki təsirini “ruhun ölümü” adlandırır.

Azyaşlılara təcavüz xəbərləri oxucunu ən çox sarsıdan xəbərlər arasındadır. Təəssüf ki, son zamanlar Azərbaycan gündəmini də “buzlu su” təsiri yaratmış məlum təcavüz xəbəri məşğul etmişdi.

Bir kişini təcavüzə aparan səbəblər nə ola bilər?

Psixoterapevt Firdovsi Əliyevdən soruşduq:

  • Təcavüz məfhumunun əhatə etdiyi məna bir tərəfdən çox geniş, digər tərəfdən spesifikdi. Təcavüzün təkcə cinsiyyət orqanı ilə həyata keçirilmədiyi kimi, bunu təkcə kişilərə şamil etmək də düzgün deyil. Bu baxımdan cinsi təcavüzə məruz qalanlar təkcə qadınlar da deyil.

Kişilərin cinsi təcavüz davranışının səbəbləri çox müxtəlif ola bilər.
Digər cinayət davranışları ilə bənzər qiymətləndirilə bilər. Psixi sağlamlıq məsələsi kimi qiymətləndirmək mümkündür.

Və ya cəzalandırma kimi planlanşdırılmış davranış olaraq qiymətləndirmək olar.
Bəzilərində təcavüz səbəbi əksik olan mənliyin (şəxsiyyətin) tamamlanması üçün olur.
Eyni zamanda gücünü sübuta yetirmək cəhdi də versiyalara daxildir.

– Bəs azyaşlılara təcavüz edənlər?

  • Azyaşlılara (qız və ya oğlan) yönəldilmiş hər hansı cinsi istismar və yaxud cinsi həzzalma məqsədi daşıyan akt cinsi perversiya növü olan pedofiliyadır. Pedofiliya parafilik pozuntu kimi psixiatrik pozuntu olaraq təsnif olunur.
    Parafiliya isə cinsi olaraq həzz almaq üçün qeyri-adi və cəmiyyət tərəfindən normal qarşılanmayan obyektlərdən, cəhdlərdən, vasitələrdən və ya fantaziyalardan istifadə etməklə səciyyələnən seksual seçim pozuntusudur.
    Parafilik pozuntu yaşayan şəxslər heyvanlara, uşaqlara, hər hansı bir alt paltarına, başqasına acı çəkdirməyə və özünü nümayiş etdirməyə meylli olurlar. Parafiliyadan əziyyət çəkənlərdə həzz duyğusunun tamamlanması (orgazm) üçün çətin şərtlər lazım olur. Bu davranışlar özünü əsasən 15-25 yaş arasında büruzə verir.

– Təcavüzçü kişinin cizgilərini təsvir etmək mümkündür?

  • Təcavüzçünün fiziki görünüşünə görə profilini çıxartmaq çətindir. Ancaq davranış analizinə əsaslanan bəzi təxminlər mümkün ola bilər. Təbii ki, ekspertlər bunu daha yaxşı analiz edə bilərlər, amma hər hansı bir insan qurban olmamaq üçün bəzi davranışlara qarşı tətikdə olmalıdır. Bu davranışlar da şiddət və seksuallıq ehtiva edən davranışlardır (oral ya da hərəkət).

Bəzən radikal dindarların da təcavüzçü ola bildiyini nəzərə almaq lazımdır. Bu şəxslər kənara özünü son dərəcə düzgün, hətta qayda-qanunlarla yaşayan biri kimi təqdim edə bilir.

– Təcavüzçünün bu halına böyüdülmə şəkli, tərbiyə forması – ailə, cəmiyyət, çevrə səbəb ola bilərmi?

  • Cinsi təcavüz davranışının bir çox səbəbi olduğu üçün konkret səbəbdən danışmaq çətindir. Cinsi təcavüz meyli də sırf cinsi tətmin olma hədəfi daşıdığı zaman digər parafiliyalarla paralel qiymətləndirilə bilər. Ümumiyyətlə, istər normal, istər anormal olsun, bütün cinsi həzz alma və cinsi seçimlər öyrənmə yolu ilə qazanılır. Təbii olaraq, sosial mühitin və böyümə tərzinin birbaşa təsiri olur. Bu mənada təcavüzçü deyə biləcəyimiz insanların keçmişində ya hər hansı bir cinsi istismara məruz qalma, ya da erkən yaşlarda düzgün olmayan seksual praktikalar var. Bu baxımdan uşaqların tərbiyəsində və yetişdirilməsində xüsusilə bəzi nüanslara diqqət çəkilir. Məsələn, uşağı harasından gəldi öpməmək, seksual kontentli (məzmun) materiallara məruz qoymamaq, onları başqalarının önündə soyundurmamaq, bədəninin müəyyən yerlərinə toxunmamaq, onların önündə soyunmamaq və s.

Bütün bunlar istər istəməz hər hansı bir seksual seçim pozuntusuna və yaxud pervesiyaya gətirib çıxara bilər. Daha sadə şəkildə ssenariləşdirək. Məsələn, televizorda təcavüz səhnəsinə baxan bir uşaq o səhnədəki şiddəti deyil, seksuallığı qavrayır. Çünki təcavüz də olsa, içində bir seksuallıq var. Bu zaman o seksuallıqdan az da olsa həzz aldığı üçün təcavüz hadisəsi o uşaqda cinsi həzzalma ilə assosiasiya oluna bilir.

– Bizim kimi, cinsəlliyin tabu, günah, ayıb qəbul edildiyi cəmiyyətlərdə bu tərz cinsi pozuqluq yaşayan şəxslərin olmasına hardasa təəccüblənməmək olar?

  • Bizim kimi cinsi mövzularda təzyiqlərin və qadağaların olduğu cəmiyyətlərdə ilkin seksual praktikaların normal yaşanmaması daha intensiv müşahidə olunur. Bu halda cinsi sapmaların ortaya çıxması ilə cəmiyyətin seksuallıq anlayışının birbaşa əlaqəsi var. Məsələn, bu cür cəmiyyətlərdə ilkin seksual praktikalardan biri masturbasiyadır və bunun müəyyən qadağalar və təzyiqlərlə düzgün yerinə yetirilməməsi nəticəsində beyin ilk həzz almanı və orqazm təcrübəsini düzgün olmayan şəkildə öyrənir. Sonra öyrəndiyi istiqamətdə həzz almanı axtarmağa davam edir və meyl yaranır. Bu hal müəyyən zaman ərzində qeyri-iradi olaraq insanı parafiliyalara, fetişizmlərə və başqa cinsi seçim pozuntularına yönləndirə bilir.

– İstər azyaşlı olsun, istərsə də yetişkin, təcavüzə məruz qalmış qadının sonrakı vəziyyəti necə olur?

  • Cinsi təcavüzə məruz qalmaq travma ilə xarakterizə olunur. Təbii olaraq, belə bir vəziyyətə məruz qalan qadınların bir çoxu post-travmatik stress pozuntusundan əziyyət çəkir. Dəmək olar ki, hamısı kəskin stess pozuntusu yaşayır. Amma psixoloji və emosional xəsarət bununla bitmir. Qurbanların əksəriyyəti depressiya yaşayır və yüksək intihar riski daşıyır. Bunun xaricində digər tibbi durumlar da baş verə bilir. Təcavüz nəticəsində qurban hamilə qalıbsa, vəziyyət daha da ağır olur.

Qurbanların əksəriyyəti uzun müddətli qorxu və təşviş yaşayır. Buna paralel olaraq, depersonalizasiya, reallıq qavrayışını itirmək, yaddaş problemləri və s. psixoloji problemlər müşahidə oluna bilər.
Psixoloji problemləri cəmiyyətin təzyiqi və müəyyən cəmiyyətlərdə özünü qavrama problemləri də artıra bilər.

– Təcavüzə və ya pedofiliyaya meylli olduğunu dilə gətirib, müalicə almaq istəyən şəxslər olur?

  • Öz təcrübəmdən danışacaq olsam, sırf təcavüz meyli ilə mənə müraciət edən olmayıb, amma pedofilik, fetişistik meylləri olan bir neçə pasientim olub.

Ümumiyyətlə, çox vacibdir ki, bu cür hallarda şəxsin özü əvvəlcədən vəziyyətinin fərqində olsun və professional dəstək almağa çalışsın.

Məsələn, homoseksual meyl kimi bəzi cinsi seçimlər təsnifatlardan çıxarldığı üçün onlara psixoloji pozuntu demək etik sayılmır, amma bu halda belə vəziyyətindən şikayət edənlərin mütəxəssisə müraciət etməsi klinik əhəmiyyət daşıyır.

Davranışının düzgün olmadığını və buna görə məsuliyyət daşıdığını qavramadan şəxsin dəyişə bilməsi mümkün deyil.
Ancaq bu cür reablitasiyalar yeniyetmə yaşdakılarda daha çox işə yarayır.