Əsas səhifə / Əsas menu / Sağlamlıq / Estetik burun əməliyyatlarından sonra sizi bu fəsadlar gözləyə bilər…-ARAŞDIRMA
Bizi mobildən daha sürətli  izləyin

Estetik burun əməliyyatlarından sonra sizi bu fəsadlar gözləyə bilər…-ARAŞDIRMA

burun-estetigi

Adil Qeybulla: “Tibb universitetini düz-əməlli başa vurmayanlar hansısa ölkədə müəyyən kurs keçdikdən sonra estetik burun əməliyyatları aparırlar”

Lor cərrah Hüseyn Məmmədov: ““Bu cür əməliyyatlardan sonra bəzən pasiyentlərdə tənəffüsün ağırlaşması problemi yaranır”

Azərbaycanda rinoplastikaya, burunun estetik əməliyyatına müraciət edənlərin sayı artdığı kimi, bu əməliyyatın fəsadları ilə bağlı şikayətlərin də sayı artır. Bir il öncə paytaxtdakı özəl klinikaların birində rastlaşdığım bir qadının tez-tez burnundan axan selihi silməsi diqqətimi cəlb etmişdi. Söhbət əsnasında məlum oldu ki, ixtisasca həkim olan həmin xanım burnunu estetik əməliyyat etdirdikdən sonra bu problemlə üzləşib. Xanımın dediyinə görə, Bakıdakı estetik mərkəzlərin birində burnunun formasını dəyişmək üçün əməliyyat edilərkən burununun içərisindəki selihli qişa zədələdiyindən daim burnundan su axır.

İndi təkcə paytaxtda onlarla qadın tapmaq olar ki, onlar burunlarında aparılan estetik əməliyyatdan sonra normal nəfəs ala bilmirlər. Aparılan  araşdırma zamanı məlum olub ki, bunun əsas səbəblərindən biri bu cür əməliyyatların lor həkimlərin iştirakı ilə aparılmamasıdır. Professor Adil Qeybulla Movqe.az-a açıqlamasında bildirib ki, hazırda rinoplastikaya tələbat çox olduğundan, bu sahədə estetik cərrah kimi fəaliyyət göstərənlərin də sayı artıb. A. Qeybulla deyir ki, bəzən tibb universitetini düz əməlli başa vurmayanlar hansısa ölkədə müəyyən kurs keçdikdən sonra estetik burun əməliyyatları aparırlar. Həmsöhbətim deyir ki, əskində estetik cərrahiyyə müəyyən xüsusi bilikləri tələb edən peşədir: “Hər cərrah əlinə diplom alıb estetik əməliyyatlar apara bilməz. Burunun üz nahiyyəsində yerləşdiyini nəzərə alsaq bu əməliyyat kifayət qədər professional estetik cərrah tərəfindən aparılmalıdır. Çünki əməliyyat zamanı burunun formasında yaranan kiçik qüsur diqqəti cəlb edə bilər. Ona görə də, hərənin əlinə bir kurs sertifikatı alıb rinoplastika ilə məşğul olan cərrah kimi özünü təqdim etməsi doğru deyil. Rinoplastika ilə məşğul olan cərrahların eyni zamanda lor həkim olması da vacibdir. Əks halda əməliyyat zamanı tənəffüsdə müəyyən problemlərin yaranması qaçılmazdır”.

A. Qeybulla kifayət qədər baha olan rinoplastika əməliyyatlarına müraciət edərkən pasiyentlərə ehtiyatlı olmağı məsləhətt görür. A. Qeybulla deyir ki, pasiyentlər burnun estetik əməliyyatlarına müraciət edərkən mütləq həkimin ixtisasca lor cərrah olub-olmamasına diqqət yetirsinlər. Ondan bunu təsdiqləyən diplom tələb etsinlər.

Lor cərrah Hüseyn Məmmədov isə rinoplastika əməliyyatları zamanı yaranan problemlərin əsas səbəbinin bu cür əməliyyatların lor cərrahlar tərəfindən aparılmamasında olduğunu söylədi. Həmsöhbətimiz deyir ki, burunda aparılan rinoplasik əməliyyat zamanı kiçik səhlənkarlıq pasiyentin tənəffüsündə problemə səbəb ola bilər: “Bu cür əməliyyatlardan sonra bəzən pasiyentlərdə tənəffüsün ağırlaşması problemi yaranır. İnsan burundan nəfəsi ağır alır. Bizə də bu cür xəstələr çox müraciət edir. Məlum olur ki, həmin əməliyyatı aparan həkimin lor savadı olmadığından, o burunda tənəffüs yollarını yeni yaratdığı buruna uyğunlaşdırmayıb. Tutaq ki, xəstənin burnunun tənəffüs yolları əvvəl böyük idisə eləcə də qalıb. Daraldılaraq yeni buruna uyğunlaşdırılmayıb. Təbii ki, bu nəfəs almada çətinliyə səbəb olacaq. Yeni burun yaradılarkən tənəffüs yolları da, burunun toxumaları da daraldılaraq həmib buruna uyğunlaşdırılmalıdır”.

Həkim deyir ki, bəzi əməliyyatlardan sonra burununun balıqqulaqlarının ölçüsü əvvəlki kimi saxlanır. Yaxud da əgər əvvəl xəstənin burnunun içərisindəki kiçik deffekt ona problem yaratmırdısa ola bilər ki, burun əməliyyat edilib forması dəyişiləndən sonra problemə səbəb olsun: “Həkim bunu əməliyyat zamanı nəzərə almalıdır. Həmin kiçik də olsa qüsur aradan qaldırlmalıdır ki, xəstədə sonradan narahatçılıq yaratmasın”.

Müsahibimizin sözlərinə görə, həkimin pasiyentin hər fikri ilə razılaşıb onun istədiyi kimi burun yaratması da doğru deyil: “Bir də görürsən pasiyent deyir ki, mənim burnum bu şəkildə olsun. Halbuki tibbi baxımdan həmin burun forması onun öz burnu üçün praktik olaraq mümkün deyil, tənəffüsdə problem yarada bilər. Bəzi həkimlər pasiyenti qaçırmamaq üçün onun istədiyini etməyə çalışırlar. Sonra isə bu cür problemlər yaranır”.

Həkim deyir ki, burunun selihli qişasının zədələnməsi isə onun nəmliyini itirməsi ilə nəticələnir. Ona görə də, əməliyyat zamanı burunun selihli qişasında ehtiyatla davranmaq lazımdır.
Movqe.az-a paytaxtdakı klinikaların birinin estetik cərrahi əməliyyatlar şöbəsinin adının çəkilməsini istəməyən əməkdaşı isə bunları söyləyib: “Əslində burunun formasının dəyişdirilməsi üçün keçirilən əməliyyatlarda lor cərrahlar iştirak etməlidir. Amma estetik cərrahlar çox vaxt əməliyyatlara lor həkim dəvət etmirlər. Çünki, bunun üçün lor həkimə pul ödəməlidirlər. Bəzən pasiyentin xəstəlik tarixçəsində yalandan lor həkimin iştirak etdiyi göstərilir ki, xəstə narahat olmasın. Amma estetik cərrahlar əməliyyata lor həkim dəvət etmirlər ki, pasiyentdən aldıqları pulun çox hissəsi onların özünə qalsın”.//movqe.az

Buna da baxın

Xoşbəxtlik kökəldir

Whatsapp ilə Paylaş  Hollandiyalı psixoloqlar apardıqları araşdırmalar zamanı maraqlı nəticələr əldə ediblər. 87 tələbənin üzərində …