Əsas səhifə / Manşet / Ev şəraitində süni tənəffüsün və massajının tətbiqi
Bizi mobildən daha sürətli  izləyin

Ev şəraitində süni tənəffüsün və massajının tətbiqi

l

Müəyyən edilib ki, insan orqanizmi tənəffüs və ürək fəaliyyəti dayandıqdan sonra da müəyyən müddət yaşaya bilər.

Belə ki, qan dövranı dayanır, toxumaların qanla təchizatı pozulur və nəticədə oksigen azlığı əmələ gəlir. Amma ürək fəaliyyəti dayansa da beyin sinir hüceyrələri hələ 5-7 dəqiqə müddətində fəaliyyətdə olur. Yalnız bundan sonra sinir hüceyrələri tələf olur. Bəzən tənəffüs və ürək fəaliyyəti bərpa olunur, lakin beyinin ölümündən sonra insan daha fəaliyyət göstərə bilmir.

Kliniki ölüm qabağı (can vermə) xəstənin huşu hələ özündə olur, lakin aydın olmur. Arterial təzyiq sıfıra enir, nəbz tezləşir və sapvari olur, dəri səthləri avazıyır, tənəffüs səthi olur və yavaşıyır, qeyri-bərabər olur, nəhayət tam kəsilir və fasilə müşahidə olunur. Bədənin temperaturu 1-2 S dərəcəyə enir, qıcolmalar əmələ gəlir və qeyri-iradi olaraq sidik və nəcis ifrazı müşahidə olunur. Bu dövrün müddəti bir neçə dəqiqədən bir neçə saata qədərdir.

Sonra kliniki ölüm baş verir. Kliniki ölüm – həyat və ölüm arasında qısa müddətli keçici dövrdür, cəmi 5-7 dəqiqə çəkir. Bu dövrün özünə xas olan əlamətləri bunlardır: nəbz vurğuları eşidilmir, arterial təzyiq təyin olunmur, tənəffüs fəaliyyəti kəsilir, göz bəbəkləri genişlənir və işığa reaksiya vermir.

5-7 dəqiqədən sonra toxumalarda dönməz dəyişikliklər baş verir və kliniki ölüm bioloji ölümə keçir.

Kliniki ölüm zamanı ürəyin qapalı massajı və süni tənəffüs (ağızdan ağıza və ağızdan buruna) aparılarsa ( düzgün qaydada!) geriyə dönüş baş verə bilər.

Ağızdan ağıza süni tənəffüsün aparılması

Süni tənəffüs ağızdan ağıza aparılan zaman xəstəni sərt, bərk yerdə (stol, yer, torpaq) uzandırırlar. Süni tənəffüsün aparılması üçün ilk növbədə dilin qatlanmasının qarşısı alınmalıdır. Bunun üçün:

• xəstənin sağ tərəfindən duraraq, sağ əlimizi xəstənin boynunun altına qoyaraq boynunu qaldırırıq, ya da çiyninin yuxarı hissəsinə 10-12 sm diametrində yastıq və ya paltar büküb qoyuruq. Bu vaxt xəstənin başı ənsə tərəfə əyilir və tənəffüs yolları tam açılır.

• Bundan sonra ağız boşluğunu selikdən təmizləmək üçün şəhadət barmağımıza salfet və ya dəsmal dolayıb, ağız boşluğunu açıb silirik.

• Xəstənin başını ənsə tərəfə əyərik, sol əlimizi xəstənin alnına qoyuruq, həmin əlin birinci və ikinci barmaqları ilə xəstənin burnunu sıxırıq.

• Sağ əlimizlə xəstənin alt çənəsinə təzyiq göstərərək, ağzını açırıq və alt çənəni qabağa və aşağı çəkərək, ağızı açıq vəziyyətdə saxlayırıq. Dərindən nəfəs alaraq ağzımızı xəstənin dodaqlarına kip yapışdırıb tez-tez nəfəs veririk və xəstənin burnunu buraxırıq. Bir dəqiqədə 6-20 dəfə tənəffüs verilir, təzə doğulmuş uşaqlarda isə bir dəqiqədə 30 dəfə verilir.

Nəfəsi elə güclə vermək lazımdır ki, xəstənin döş qəfəsi genişlənə bilsin. Xəstəyə süni tənəffüs zamanı 850-1000 ml hava üfürülür. Hər 5-6 nəfəs vermədən sonra yuxu arteriyalarının üzərində nəbz vurğularının olmasını yoxlamaq lazımdır. Tam tənəffüs bərpa olunana qədər süni tənəffüs aparılır.

Ağızdan buruna süni tənəffüs

Ağız boşluğunun və çənənin travmasında süni tənəffüs ağızdan buruna aparılır.
Süni tənəffüs ağızdan buruna aşağıdakı qayda ilə aparılır: sol əlimiz xəstənin alnına qoyulur, sağ əlimizlə isə alt çənəni tutaraq, xəstənin ağzını bağlayırıq. Dərindən nəfəs alaraq öz ağzımızı xəstənin burnuna yapışdırarıq. Sonra arxaya çəkilərək əlimizi çənədən götürüb havanın tənəffüs yollarından xaric olmasına imkan yaradırıq.

Ürəyin qapalı massajı

Ürək fəaliyyətinin dayanması aşağıdakı əlamətlərlə xarakterizə olunur: huşun itməsi, nəbzin təyin olunmaması, ürək səs-küylərinin eşidilməməsi, tənəffüsün dayanması, dəri səthlərinin avazıması və ya göyərməsi, göz bəbəklərinin genişlənməsi, qıcolmaların əmələ gəlməsi.

Ürəyin qapalı massajının əhəmiyyəti ondan ibarətdir ki, ürək iki sümük arasında sıxılaraq (döş sümüyü və onurğa sütunu) öz fəaliyyətini bərpa edir.

Xəstəni bərk bir yerə uzadın. Yaxasını açın, əynindən paltarını çıxarın. Sol tərəfdə dayanıb əlinizi can verən xəstənin döş sümüyünün xəncərvari çıxıntısından iki barmaq yuxarı qoyun. İkinci əli birinci əlin üstünə qoyun, döş qəfəsini basmaq üçün əllərin gücü çatmırsa, bədənin ağırlığını da salmaq lazımdır. Döş sümüyünü arada bir saniyə fasilə verib, tez-tez təkan verməklə basın. Bu zaman o içəri batır və 4-5 sm onurğaya yaxınlaşır, ürək döş sümüyü ilə onurğa arasında qalıb sıxılır, onun içərisindəki qan aortaya və ağ ciyər arteriyalarına qovulur. Döş sümüyünü basmağı dayandırdıqdan sonra əli tez götürmək lazımdır. Onda döş qəfəsi əvvəlki formasını alır, ürək isə boşalır və onun içərisinə venalardan axan qan dolur (Həddindən artıq basdıqda qabırğa sına bilər!).
Ürək 1 dəqiqədə 60-70 dəfə sıxılır. 5 dəfə ürəyin qapalı massajı aparılır, 1 dəfə süni tənəffüs verilir.

 

Massajın effektliyini aşağıdakı əlamətlər göstərir: yuxu arteriyalarının üzərində nəbz vurğuları eşidilir, döş qəfəsi qalxıb enir, göz bəbəkləri genişlənir.

Bu əlamətlərdən hər hansı biri yoxdursa, yardım effektiv sayılmır.