Əsas səhifə / Əsas menu / Ana və uşaq / Körpəni sakitləşdirmə yolları. “Bəyaz küy”
Bizi mobildən daha sürətli  izləyin

Körpəni sakitləşdirmə yolları. “Bəyaz küy”

yyKörpəni sakitləşdirmə yolları. “Bəyaz küy”

İnsanların beyni gün ərzində müxtəlif məlumat toplayır, onu emal edir, araşdırır, yadda saxlayır. Bütün bu proseslər davamlı olaraq fəaliyyət göstərir. Yuxu insana rahatlıq gətirərək onu sanki yeni günə, yeni işlərə hazırlayır. İnsanlarda baş verən yuxu pozğunluqları onlarda müxtəlif psixoloji, psixo-nevroloji və psixo-fizioloji xəstəliklərə səbəb olur.

Adətən, daha çox yuxusuzluq problemləri ilə qarşılaşan, lakin daha az şikayət edən analardır. Ana yeni doğulan körpənin ilk günlərdə yuxu rejiminin olmaması, gecə və gündüzlərin səhv salınması, köp və qaz problemlərinin olması, daha sonra isə diş çıxarma və digər uşağı narahat edən problemlərlə üzləşir.

Xüsusən, ilk övladları doğulan analar, körpələrin hələ də inkişaf etməmiş mədə-bağırsaq, sinir, əzələ və digər sistemlərinin xüsusiyyətləri haqqında məlumatı olmadan uşağın ağlamağı və narahatlığı anında özlərini çarəsiz hiss edərək, nə edəcəklərini bilmirlər.
Ananın arsenalında körpəni sakitləşdirmək üçün bir neçə vasitənin olması ən azı ananın özünəinam hissinin artmasına yardım edə bilər. Bu məqalənin əsas məqsədi, məhz bu sakitləşdirici vasitələr haqqında söhbət açaraq, ananı xəbərdar etməkdir.

Bəyaz küy nədir?

Bəyaz küy bir qayda olaraq həqiqətən uşaqların sakitləşməsinə və yuxuya getmələrinə səbəb olur. “Bəyaz küy” ifadəsinə bəyaz səslər də deyilir. Onlara yağan yağış, axan şəlalə, dəniz dalğalarının səslərini aid etmək olar. Necə ki, ağ rəng bütün rəng çalarlarını özündə toplayan rəngdisə, bəyaz səslər də insan qulağının ala biləcəyi bütün səsləri cəmləşdirmək özəlliyinə malikdir. Təbii səslərlə bərabər, bəyaz səslərə ventilyator, fen, tozsoran kimi məişət cihazlarının çıxardığı səslər də aiddir.
Uşaqlar ana bətnində daim müxtəlif səslərlə əhatə olunur. Ananın ürək döyüntüsü, plasentanın damarlarında dolaşan qan, daxili orqanlarda baş verən proseslərin səsi cəmləşərək bəyaz küyün yaranmasına səbəb olur. Doğuşdan sonra körpənin rahatlaması və özünü hüzurlu hiss etməsi üçün bu səs fonunun yenidən yaradılması onun tez sakitləşməsinə səbəb olur. Yeni doğulmuş çağaların üzərində aparılan tədqiqatlar (Spencer, et al, 1990) göstərir ki, 80%-ə yaxın körpə “bəyaz küy” təsiri altında 5 dəq. ərzində sakitləşib sərbəst yuxuya gedə bilirdilər. Şərq Kaliforniya Tibb İnstitutunun pediatriya kafedrasının dosenti, Amerikalı uşaq həkimi, Harvey Karp, körpənin sakitləşdirilməsində “bəyaz küyün” fitri mexanizminin stimullaşdırma gücünə malik olduğunu bildirmişdir.
Uşaqlar fitri olaraq artıq müxtəlif səslərə alışqan olurlar, bu səbəbdən, onların yuxusunun rahat olması üçün sakitliyin yaradılmasına ehtiyac qalmır. Bəyaz küy uşaqlarda təhlükəsizlik və əminamalıq təsəvvürü yaradır.

Alimlər uşaqların rahat yuxulaması üçün bəyaz küyün əz azı onların 1 yaşına kimi faydalı olduğu fikrindədirlər. Bu səslərin yaradılması valideynlərdən artıq maliyyə və ya güc tələb etmir. Onlar bu səsləri ev şəraitində də rahat yarada bilərlər. Yuxarıda qeyd etdiyimiz müxtəlif elektrik əşyaların istifadəsi, radio dalğalarının səsi, telefona yazılan təbiət səsləri və s. uşağın tez bir zamanda sakitləşməsi və yuxulaması üçün effektiv bir üsul kimi istifadə oluna bilər.

Bəzi ölkələrdə valideynlər bəyaz səsləri uzun müddət ərzində və ya bütün gecə ərzində yandırıb istifadə edirlər. Alimlər bu səslərin uzun müddət ərzində işlədiyi zaman beyinə olan təsirini araşdırdılar və belə nəticəyə gəldilər ki, gecə ərzində səslənən bu səs izn verilən həddləri aşır. Və nəticələr əsasında valideynlərə uşaqların yuxulaması üçün xüsusi aparatların istifadəsi ilə bağlı aşağıdakı məsləhətləri verdilər:

1. Bəyaz küy yaradan vasitələri uşaqdan mümkün qədər aralı yerləşdirmək, xüsusilə onun çarpayısından

2. Səsin ucalığını azaltmaq

3. Vasitələrdən qısa müddət ərzində istifadə etmək (gecə boyu işlətməmək)

Əgər bu məqaləni oxuyandan sonra siz körpənizin sakitləşdirməsi va rahat yuxulaması üçün rahat “bəyaz küy” metodundan istifadə etməyi qərar verdinizsə, onda nəzərə alın ki, səsin ucalığı 50 db-dan artıq olmamalıdır. Bu rahatlıq və hüzur verən səs fonu yağan yağış şırıltısını və ya duşdan axan suyun səsini xatırladır.


Buna da baxın

Dırnaqlarınızdakı ayparalar hansı xəstəliklərdən xəbər verir?

Whatsapp ilə Paylaş Dırnaqlarınıza diqqət yetirin. Onların ətə birləşən hissəsindən bir qədər yuxarıda aypara yerləşir. …