Əsas səhifə / Manşet / Minion tortu
Bizi mobildən daha sürətli  izləyin

Minion tortu

Tərkibi:

  • 260 qr un
  • 10 yumurta
  • 300 qr şəkər tozu
  • 20 qr vanil
  • 4 ç/qaşığı qabartma tozu
  • 20 qr xaş-xaş
  • 100 qr giləmeyvə (zövqə görə)

Krem:

  • 2 qab qatılaşdırılmış süd (qaynadılmış)
  • 150 qr kərə yağı

Mastika:

  • 100 qr zefir (marşmalleo)
  • 1 x/qaşığı limon suyu
  • 30 qr kərə yağı
  • 400 qr şəkər pudrası
  • Sarı qida boyası
  • Kakao

İçlik:

  • 3 banan
  • 4 kivi
  • 200 qr qara şokolad
  • 50 qr kərə yağı

Hazırlanması:

Yumurtaları çırpın. Daha sonra şəkər tozunu əlavə edərək qarışdırmağa davam edin. Vanili də əlavə edərək bir qədər də qarışdırın. Unla qabartma tozunu qarışdırın. Ələkdən keçirərək qarışıma əlavə edib qarışdırmağa davam edin. 3 ç/qaşığı xaş-xaş və giləmeyvə əlavə edərək qarışdırın. Düzbucaqlı siniyə yağlı kağız üzərinə xəmiri tökün. Əgər az giləmeyvə əlavə etdiyinizi düşünürsünüzsə bir qədər də əlavə edərək xəmirlə üzərini örtə bilərsiniz. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada bişirin. Biskvit bişdikdən sonra soyumasını gözləyin. Soyuduqdan sonra sinidən çıxarın. Biskviti iki yerə bölün. Daha sonra bu hissələri mərkəzdən ya sap ya da bıçaq vasitəsilə iki yerə bölərək 4 bərabər ölçülü biskvit əldə edin. Birinci biskviti kremləyin və üzərinə halqavari formada doğradığınız kiviləri düzün. Digər biskviti kremləyib əvvəlki biskvitin üzərinə qoyduqdan sonra digər tərəfini də kremləyin. Üzərinə halqavari şəkildə doğradığınız bananları düzün. Növbəti kremli biskviti də eyni qayda ilə qoyaraq bir sıra banan və bir sıra kivi düzərək üzərinə növbəti biskviti qoyun. Tortu 1 saat soyuducuda gözlədin. Daha sonra kənarlarını kəsərək oval formaya salın. Üzərinə soyumuş qlazuru çəkin. Soyuq yerdə gözlədin.

Kremin hazırlanması:

Qatılaşdırılmış südlə otaq temperaturunda yumşaldılmış yağı qarışdırın. Krem hazırdır.

Qlazurun hazırlanması:

Su hamamında şokoladla yağı əridərək qlazur əldə edirik.

Mastikanın hazırlanması:

Marşmaleo, kərə yağı və limon suyunu qaba əlavə edərək su hamamında qarışdıraraq əridin. Üzərinə şəkər pudrası əlavə edərək hazır olana qədər qarışdırın. Bir hissəsini şəkər pudrası və kakao qarışdırılmış səthdə əlimizlə yoğururuq. Eyni qayda ilə digər qismi sarı rəng(sarı qida boyası və şəkər pudrasıyla yoğuraraq) boyayırıq. Sarı mastikanı yayaraq tortun üst qisminə yayırıq. Daha sonra qəhvəyi rəngli mastikanı yayaraq tortun alt qisminə əlavə edirik. Mastikanın yaxşı yapışması üçün daxili hissəsini bir qədər su ilə isladın. Daha sonra zövqünüzə görə bəzəyi davam edə bilərsiniz.

Nuş olsun!