Əsas səhifə / Manşet / Paxlavanın hazırlanması
Bizi mobildən daha sürətli  izləyin

Paxlavanın hazırlanması

Tərkibi:

  • 800 qr un
  • 2 yumurta
  • 150 qr kərə yağı
  • 2-3 ç.q. şəkər tozu
  • 1 ç.q. maya
  • 1 st. süd

İçlik üçün:

  • 300 qr qoz
  • 300 qr şəkər tozu
  • 1 paket vanil
  • 10-15 hil yarım hind qozu.

Şərbət üçün:

  • 1 st. qaynar su
  • 2 st. şəkər tozu
  • 2-3 damcı limon suyu
  • 2 x/qaşığı bal (zövqə görə)

Hazırlanması:

Una maya, şəkər tozu və yumurta əlavə edirik. Yağı yarım stəkan süddə əritdikdən (ilıq halda)sonra una əlavə edirik. Artıq qalan yarım stəkan südü də əlavə edərək xəmir yoğururuq. Xəmirin üzərini salafan və dəsmalla örtərək 40-45 dəqiqə mayalanması üçün isti yerdə saxlayırıq. Mayalanmış xəmiri 14 hissəyə bölürük. Kündələrin 12-si normal, digər ikisi isə nisbətən böyük ölçüdə olmalıdır. Sinini yağladıqdan sonra ilk əvvəl birinci yaydığımız böyük ölçülü yuxanı yayırıq. Üzərinə 2 x/qaşığı içlik əlavə edərək yayırıq. Sonra növbəti yuxaları da eyni qayda ilə düzərək əlimizlə bərkidirik ki, məsamələr arasında hava qalmasın. Sonuncu yuxa isə digər iri ölçülü yuxa olmalıdır. Onu da əlavə etdikdən sonra əlimizlə aralarında hava qalmaması üçün nizamlayaraq kənarlarını əlimizlə basırıq. İstədiyiniz ölçüdə (romb şəkilli) kəsib yumurta sarısı sürtdükdən sonra üzərinə qoz, badam və ya fındıq düzə bilərsiniz. Əvvəlcədən isidilmiş (alt+üst hissə yanmalıdır) sobada 10 dəqiqə bişirin. 10 dəqiqədən sonra sobadan çıxarıb üzərinə əvvəlcədən qaynadılmış və süzülmüş kərə yağından iki stəkan əlavə edirik. Kəsdiyimiz xətlərin üzərindən bir daha bıçaqla kəsirik ki, yağ məsamələr arasına yayılsın. Sonra yenidən sobaya qoyuruq. Bu dəfə sobanın yalnız alt hissəsi yandırılmalıdır. Paxlavanın kənarları qızarmağa başladığında sobanın altını söndürərək üst hissəsini yandırırıq. Ümumi proses təxminən 40-45 dəqiqə davam edir. Paxlavanın üzəri qızarandan sonra üzərinə əvvəlcədən hazırlanmış və soyudulmuş 2 stəkan şərbəti əlavə edirik. Paxlava soyuduqdan sonra servis edə bilərsiniz.

İçliyin hazırlanması:

Qozu qovurduqdan sonra blender və ya fındıq çəkənlə üyüdün. Şəkər tozu, vanil, hil və üyüdülmüş hind qozunu əlavə edərək qarışdırın.

Şərbətin hazırlanması:

1 stəkan qaynar suya 2 stəkan şəkər tozunu əlavə edərək, ocağda qarışdıraraq qaynadın. Şəkər tozu əridikdən sonra ocağı söndürün. Şərbətin üzərinə bir-iki damcı limon suyu əlavə edin. Zövqə görə 2 x/qaşığı bal da əlavə edə bilərsiniz.

Nuş olsun!