Əsas səhifə / Əsas menu / Köşə / Qabarlı əl, alma və təbəssüm
Bizi mobildən daha sürətli  izləyin

Qabarlı əl, alma və təbəssüm

aQabarlı əl, alma və təbəssüm

Hərdən düşünürəm niyə insanlar bahalı, cah-cəllalı şeylər arzulayır? Məsələn, biri sənə bahalı zinət əşyası yox, gəlincik hədiyyə etsə daha gözəl olmazmı?

Ya da birinə bir təbəssüm bəxş etsək. Bir-birimizə gülümsəsək, həmin gülüş bizi xoşbəxt etsə olmazmı?

Olar. Həm də çox gözəl olar. Ürəkdən gəlib, üzdə yaranan təbəssümü bütün dünyanın var-dövləti ilə satın almaq olmaz. Bir konfeti, almanı, çörəyi ürəkdən istəyərək uzadan əlin dəyəri qızıl heykəllərlə ölçülməz.

Çox yaxşı yadıma gəlir ibtidadi sinifdə oxuduğum vaxtlar idi. Rayona gələndə kəndimizə qayıtmaq üçün çox az maşın olurdu. Bir qohumumuzun “vilis”i var idi. Anamla ikimiz o maşınla evə qayıdırdıq. Bir də bizim kəndimizdə yaşayan bir kişi də o maşında idi. O kişinin həyat yoldaşı ilə nənəmgil danışmırdı. Səbəbini bilmirdim düzü.

Sürücü ilə o kişi söhbət edirdi, biz də qulaq asırdıq. Kişinin çoxlu çantaları var idi (deyəsən hardasa gedib işləyirdi, aylarla evindən uzaqda olurdu), indi fikirləşəndə deyirəm yəqin bütün bazarı almışdı.
Çantasından alma çıxardı və mənə uzatdı. Ən çox sevdiyim alma idi. Gülə-gülə dedi ki, al qızım, götür ye.

Həm onların ailəsi ilə nənəmgilin danışmamağı, həm də anamın başqalarından bir şey alma nəsihəti.

Başımla “yox” dedim. Təkid elədi. Anama baxdım. Anam işarə etdi ki, al. Aldım. Amma orda yeməyə utanırdım. Gəlib evdə o almanı elə iştahla yedim ki. Bal dadırdı elə bil.

Anam da, sürücü də, o kişi də vəfat edib. Necə deyərlər üçü də haqq dünyasındadır. İndi hər dəfə o almadan alanda, ya da hardasa görəndə o gün yadıma düşür. Üzümdə təbəssüm yaranır və mən ona rəhmət oxuyuram.
O günü mənə xatırladan bir məqam var, o da zəhmətkeş insanın qabarlı əlindən mənə uzadılan ən çox sevdiyim meyvə, alma.

Demək ki, insanı bir alma ilə də xoşbəxt etmək olarmış.


Buna da baxın

Yaşınız qədər qaşıqla düyü götürün… Həyatınızı dəyişdirən prosedur

Whatsapp ilə Paylaş Neçə yaşınız varsa, o qədər qaşıq düyü götürün, üzərinə su tökün… Həyatınızın …