Əsas səhifə / Əsas menu / Sağlamlıq / Qışda “zireh”imizi necə qoruyaq?
Bizi mobildən daha sürətli  izləyin

Qışda “zireh”imizi necə qoruyaq?

Qışda “zireh”imizi necə qoruyaq?

xeberici

Dəyişən hava şəraiti, sərt və küləkli havalar, kondisioner və qızdırıcıların təsiri, kompüter başında keçirilən uzun zaman dəriyə olduqca mənfi təsir göstərir. Qış aylarında dəri və bədən istiliyin itməməsi, azalmaması üçün qan dövranını azaldır, tər və yağ vəziləri zəif işləməyə başlayır. Qan dövranı yavaşladığında dərinin ehtiyac duyduğu antioksidanları və bəsləyici maddələri alması çətinləşir. Bunun nəticəsində dəri quruluğu yaranır və dəri yağ itirməyə başlayır.

Bütün bunlar dərinin həssaslaşmasına, xarici təsirlərə qarşı özünü qoruya bilməməsinə gətirib çıxarır. Dəridə qaşınma, qızarma və rəng dəyişimi başlayır. Lipid baryeri nazilir, dərinin elastikliyi azalır, çatlamalar, qırışlar yaranır. Belə vəziyyətdə dəri erkən yaşanmaya məruz qalır.

Həkim dermatoloq Ramil Məmmədlinin sözlərinə görə, dəridə erkən yaşlanmanın qarşısını almaq üçün lipid təbəqəsinin qidalandırılması lazımdır. Qış aylarında dəri tipi dəyişikliyə uğradığından (məsələn, yağlı cildlər soyuqda daha az yağlanır, normal cildlər quruyur, quru cildlər ağrı verəcək qədər həssaslaşır) qışda istifadə olunan dəri qoruyucu kremlər yayda istifadə edilənlərdən fərqli olmalıdır. “Əgər qışda dəriyə qulluq etməsəniz, qırışıqlıq, çatlama, sallanma, ləkə kimi problemlərlə yanaşı dərinin üzərinin tər və yağ ifrazatı ilə davamlı örtülü olması səbəbilə yağ vəzisi xəstəliklərinin yaranması müşahidə edilə bilər” deyən dermatoloq bildirir ki, bununla yanaşı dəridə lipofilik göbələk xəstəlikləri pitriasis versikolor (samyeli xəstəliyi) və nəm artımı ilə bağlı intertriginoz (bədəndəki qıvrım yerləri) bölgə infeksiyaları meydana gələ bilər”.

Qışda dərini ətraf mühitin təsirindən və soyuqdan qorumaq üçün dərinin qurumasına mane olan krem, sabun və gellərdən istifadə edilməlidir. İstifadə edilən vasitələr allergik xüsusiyyətlərə malik olmamalıdır: “Qışda evdən çıxarkən üzünüzə və əllərinizə nəmləndirici kremlər çəkməlisiniz. Çünki isti mühitdən çıxan dəri soyuq havanın təsirinə məruz qaldığından nəmləndirici krem bu təsiri azaldır. Hər duş qəbulundan sonra üz və bədənin dəri tipinə uyğun nəmləndiricilər istifadə edilməli, quruluğa mane olan kremlər sürtülməlidir. Quru dəri sabun olmayan losyonlarla təmizlənməlidir. Tərkibində spirt olan losyonlar istifadə edilməməlidir. Çünki tərkbində spirt olan losyonlar dəri tərəfindən yaradılan bakterial qoruma təbəqəsini məhv edə bilər. Bunun nəticəsində isə qaşınma, həddindən artıq quruluq və iltihablanma yarana bilər”.

Qışda dəri tipinə görə dərinin ölü təbəqəsinin yenilənməsi üçün bitki mənşəli kök hüceyrəli gel, krem və ya maskalardan istifadə edilməlidir. Bununla yanaşı dərinin lipid təbəqəsinin qorunması üçün həftədə bir dəfə heyvan yağları ilə hazırlanmış maskalardan istifadə edilməli, ayda bir dəfə professional qulluq olunmalıdır.

Yağlı dəri soyuğa qarşı daha dözümlüdür, ancaq buna baxmayaraq, nəm tarazlığını təmin edə bilmir. Bu səbəblə də yağlı dərinin qışda daha çox nəmləndiricilərə ehtiyacı olur. Ancaq nəmləndiricilər evdən çıxmazdan əvvəl deyil, axşamlar yatmazdan öncə istifadə edilməlidir:

“Qışda dəriniz qabıq verirsə, bunu tonal kremlə aradan qaldıra və ya gizlədə bilməzsiniz. Əksinə istifadə edilən tonal krem dərinin daha pis görünməsinə səbəb olar.

Dərinin qabıq verməsinin qarşısını almaq üçün nizamlı olaraq pilinq etməli, zəngin tərkibli gecə kremi istifadə olunmalı və nəmləndirici xüsusiyyətə malik olan ləkə önləyici, anti-aging təsirli, günəşdən qoruma faktorlu tonal kremi təsirini verən bitki mənşəli kremlərdən istifadə etmək lazımdır.

Çöldə çox soyuq hava varkən, evdə uzun və isti bir duş qəbul etmək sizə zövq verə bilər. Amma 15 dəqiqədən sonra bu istilik dərinizin lipid təbəqəsini yox edib, dərinizdə təbii yağları təmizləyər. Bu səbəbdən də duş alarkən istiliyi azaldın və tez bir zamanda duş alın”.

Həmsöhbətimizin bildirdiyinə görə, dərisində ləkə, qırış və sallanma problemi olanlar üçün bu problemləri həll etmək qış ayları daha əlverişlidir. Bəzi proseslər günəşin aktiv olmadığı qış aylarında edilməlidir.

Həkim deyir ki, qış aylarında əllərin dərisi da zərif və soyuğa davamsız olur. Əllərə qulluq etmək isə o qədər böyük zaman tələb etmir. “Gecə əllərinizə krem çəkdikdən sonra cərrah əlcəyi geyinin. Əllərinizi hər səhər sabunladıqdan sonra mütləq krem istifadə edin”.

Dermatoloq məsləhət görür ki, bədəni qış aylarında soyuğun təsirlərindən qorumaq üçün hər gün bir stəkan limonlu su içmək lazımdır: “Bu, bədənin toksinlərdən təmizlənməsi üçün çox önəmlidir”.

Dərinin gözəl olması üçün yuxunun önəmi də böyükdür. “Rahat yatın. Gözəl bir yuxunun faydasını heç nə ilə əvəz etmək mümkün deyil. Əgər kifayət qədər yata bilməsəniz, oksigen səviyyəniz düşər, bu da hüceyrələrinizin yenilənməsinin qarşısını ala bilər. Gün ərzində mütləq 7-9 saat yatın”.


Ekspress.az

Buna da baxın

Kakao yağının dəriyə faydaları

Whatsapp ilə Paylaş Kakao ağacının meyvələrinin emalından sonra əldə edilən yağın sağlamlığa xeyiri olduğuna görə, …