Əsas səhifə / Əsas menu / Ana və uşaq / Uşaqlarımız necə qidalanırlar?
Bizi mobildən daha sürətli  izləyin

Uşaqlarımız necə qidalanırlar?

Uşaqlarımız necə qidalanırlar?

xeberici

Uşaqlar mətbəxə girib-çıxmaqdan, biskvit, çipsi kimi qidaları yeməkdən böyük zövq alırlar. Bu, normal bir uşaq davranışıdır. Lakin kiçik qidalar bütün bir günə yayıldıqda, yemə miqdarı gedərək artdıqda valideynlərin bəzi tədbirlərə əl atması, uşaqlarının sağlam olmayan qidalanma vərdişlərinin önünə keçməsi lazım olur.
Böyüklər artıq çəkini rahatlıqda pəhrizlə verdikləri halda uşaqların pəhrizə əməl etməsi üçün müəyyən yaş həddini keçməlidirlər. O yaş həddinə kimi isə normadan daha çox artan uşaq əziyyət çəkir, sağlamlığını itirmiş olur. Xüsusən çərəzlər, çipsilər, biskvitlər, şokoladlar həm uşaqların kökəlməyinə, həm iştahasının vurularaq normal yemək yeməməsinə, həm də artıq çəki alaraq xəstə olmasına səbəb olur. Elə buna görə də, valideynlər qidaları seçərkən diqqətli olmalı, az, amma kifayət qədər vitaminli yeməklər hazırlamalıdırlar. Belə olan halda uşaqlarda kökəlmənin qarşısı alınacaq, onların daha aktiv və sağlam olmasına səbəb olacaq. Bu, tamamilə uşaqların çərəzlərdən uzaqlaşdırılması demək deyil. Çərəz yeməklərin əlavəsi olmalıdır, yemək çərəzin əlavəsi deyil.

2 uşaq anası Lalə Zamanova deyir ki, mağazaya uşaqları ilə birlikdə girmək mümkün deyil. Çərəz aldıqdan sonra çərəzləri uşaqdan gizlədib verməmək də mümkün deyil. Belə olan halda ana ilə bala arasında “soyuq müharibə” başlanır: “Uşaqlarım çipsi və qazlı içkiləri çox sevir. Dəfələrlə onlarla söhbət etsəm də, izah edə bilmirəm ki, az yemək lazımdır. O dərəcəyə gəlmişəm ki, bunların necə hazırlanmasını videolarla uşaqlara göstərim, onları iyrəndirim amma mümkün deyil. Bizim vaxtımıda bir konfetə həvəslənib bütün evin işini görürdük. İndi bununla da uşaq həvəsləndirmək mümkün deyil. Əlacları olsa hər gün belə qidalanarlar. Yemək boşqabının yanında çipsi olmasa, o yemək olduğu kimi qalacaq. Rüşvətlə uşaq yedizdiririk”.

Dietoloq Vəfa İmamquliyevanın sözlərinə görə, uşaqların çipsi, şokolad, suxari, biskvit və s. kimi qidalara alışması şərait yaradır ki, onlar bu qidalar üçün yeməkdən imtina etsinlər. Ən yaxşı üsul uşaqlarla mağazalara getməmək, belə qidaların satıldığı yerdən uzaq durmaqdır: “İndi məktəblərdə uşaq qidalarına xüsusi diqqət var. Valideynlər rahat ola bilər ki, övladları məktəbdə olduğu müddət zərərli qidalardan uzaqdırlar. Evə gəldikdə isə valideyn özü buna nəzarət etməlidir. Əvvəla, uşaq görmədiyi, dadını bilmədiyi bir şeyi istəmir. Əgər valideyn “bu gün balama çipsi almışam” deyib onun ağız dadını dəyişmək istəyirsə, sonradan bunun qarşısını almaq çox çətin olacaq. Bu da pis vərdiş sayılır”.

V.İmamquliyeva deyir ki, tərkibində heç bir xeyirli maddə olmayan belə qidalar uşaq mədəsini tox tutub onu normal yeməkdən soyudur. “Nəzərə almaq lazımdır ki, bütün uşaqların meyl etdiyi əlavə qidaların tərkibində doymuş yağ, boyalar, duz və şəkər miqdarı həddindən çox olur. Bu da xəstəliklərin yaranması üçün səbəb yaradır. Tərkibində vitamin və mineralların az olması xüsusən böyümə ərəfəsində olan uşaqlar üçün ziyanlıdır. Bir anlıq xoşbəxtlik verən belə qidalar ilə valideynlər övladlarını sevindirməklə yanaşı onlara xəstəlik də pay vermiş olur”.

Dietoloqun bildirdiyinə görə, bu cür qidalar xərçəngin yaranması üçün şərait yaradır. Bədəndə xərçəng yaradan nitrozların artımına səbəb olur, tərkibində olan qoruyucu və boyalar da xəstəliyin yaranmasını sürətləndirir. Şəkər və yağ miqdarının normadan çox olması kilo artımını sürətləndirir, iştahı küsdürüb sadəcə süni qidalarla qidalanmağa qarşı meyl yaradır. Trans yağ və doymuş yağ eyni zamanda ürək xəstəliklərinin yaranmasına səbəb olur: “Bu cür qidalar ilk vaxtlar heç bir pis nəticə göstərmir. Uşaq yaşlarında qəbul edilən doymuş yağlı qidalar sümükləri möhkəm edən maqneziumdan, immun sistemini gücləndirən selenyumdan əskik qaldığı üçün uşaqlar zəif böyüyür. Bu qidalar uşaqların qırmızı ətə, paxlaya, lobyaya, ümumiyyətlə yeməklərə marağını öldürür. Mümkün qədər qidaları uşaqlara tez tərgitmək lazımdır. Bunun yerinə müxtəlif xeyirli çərəzlər almaq və uşaqları buna öyrəşdirmək lazımdır. Quru üzüm, fındıq, qoz, ləbləbi, süd, meyvələr, dondurmalar uşaqlar üçün cipsi, çkalatdan daha xeyirli və daha vitaminlidir”.

Ümumdünya Sağlamlıq Təşkilatı və Amerika Qida və Dərman Təşkilatı hesab edir ki, bir yetkinin gündə ən çox 6 qram duz alması və 65 qram yağ istehlak etməsi lazımdır. Lakin gündə 2 paket çipsi yeyən uşaq bu nisbətləri həddən çox aşır. Bu iki təşkilatın mütəxəssislərinə görə, onların qəbul etdiyi yağ miqdarının içində ürəyə zərərli olan doymuş yağ nisbətinin 20 qramı aşmaması lazımdır. Uşaqlarımızın yediyi 100 qramlıq paket kartof çipsisinndə 25-33 qram arasında yağ var. İngiltərə Ürək Sağlamlığı Təşkilatının məlumatına görə, 100 qramlıq kartof çipsilərindəki doymuş yağ nisbəti 10, işlənmiş yağ nisbəti isə 3 qrama qədər ola bilir. Duz nisbəti də 3 qrama qədər yüksəlir. Başqa cür desək, gündə 100 qramlıq iki paket çipsi yeyən uşaq əslində bir yetkin şəxsin alması lazım olan yağ və duz nisbətini istehlak etmiş olur. Doymuş yağ istehlakı 20 qramı aşdığı zaman piylənmə riskini 80 faiz, ürək xəstəliklərinə tutulma riskini isə 60 faiz artırır.


Buna da baxın

Uşaqlar üçün zərərli qidalar

Whatsapp ilə Paylaş Hamını, xüsusilə də uşaqları kalorisi yüksək olan fəstfudlardan (fast food) uzaq tutmaq …