Əsas səhifə / Əsas menu / Ana və uşaq / Uşaqlarımızı sağlam böyütmək üçün…
Bizi mobildən daha sürətli  izləyin

Uşaqlarımızı sağlam böyütmək üçün…

Uşaqlarımızı sağlam böyütmək üçün

Dinimiz – İslam dini uşaqların inkişafını, böyüyüb-başa çatmasını valideynlər qarşısında ən böyük vəzifələrdən biri kimi qoyur. Peyğəmbər əfəndimizin buyurduğu kimi, valideynin övladına verə biləcəyi ən böyük miras tərbiyədir. Elm və texnikanın sürətli inkişafı dinindən və irqindən asılı olmayaraq, hər yaşda insanı kompyüterdən asılı vəziyyətə salır ki, bu da hər bir sahədə olduğu kimi, valideyn-uşaq münasibətlərinə də öz “gizli” təsirini göstərməkdədir. Belə ki, uşaqlarının inkişaf və tərbiyəsini “televiziya və kompyüterin” ümidinə buraxan valideynlər bunun acı nəticələri ilə daha sonralar – uşaqlar yeniyetməlik və gənclik yaşına çatanda rastlaşırlar. İnternet və kompyüter faydalı məlumat mənbəyi olmasına baxmayaraq, ünsiyyətin azalmasına, sosial münasibətlərin zəifləməsinə səbəb olduğu kimi, hərəkətsizliyə yol açmaqla bir çox fiziki və ruhi xəstəliklərin də səbəbi olmaqdadır. Müasir həyatımızda öz maraqlarını yaxınları ilə paylaşa bilməyən uşaqlar psixoloji cəhətdən çətinliyə düşərək həyata alışa bilmirlər. Bu, bir qisim uşaqların hələ kiçik yaşlarından həm fiziki, həm də mənəvi cəhətdən “tək və yaxud öz-özünə” böyümələri ilə əlaqədardır.

Məlumdur ki, kiçik yaşlı uşaqlar bütün günü yorulmaq bilmədən hərəkətdə olurlar. Böyüdükcə isə ətrafdakılar tərəfindən kifayət qədər diqqət görməyən uşaqlar televiziyada çizgi və bədii filmləri izləyir, kompyüter qarşısında maraqla oyunlara dalırlar. Televiziya və kompyüterin böyük məlumat gücünə malik olmasına baxmayaraq, onların xüsusilə uşaq orqanizminə zərəri heç kəsə gizli deyil. Təəssüf ki, bir çox valideynlər öz rahatlıqlarını və sakitliyini təmin etmək üçün: “Qoy başı qarışsın, səsi çıxmasın…”- deyərək, uşaqların bu vərdişlərinə göz yumurlar. Beləliklə, onlar uşağın düzgün böyüyüb artmaqdan ötrü oynayıb çalışmalı olduqlarını, hərəkət edərək inkişaf etdiklərini (həm fiziki, həm də əqli cəhətdən) unudurlar. Uşaqların hərəkətli oyunları şıltaqlıq və boş bir əyləncə deyildir. Hərəkət etdikcə uşaqların əlləri, ayaqları böyüyüb artır, ağlı və təfəkkürü inkişaf edir. Hərəkət uşağın səhhətcə sağlam, ağılca üstün olmasını təmin edir.

Uşaq onu əhatə edən mühitlə öz bildiyi kimi tanış olmalıdır. Əyani, hərəkətli oyunlar zamanı uşaqlar müxtəlif əşyaların (kağız, sap, taxta, noxud dənələri, plastilin, şüşə, rəngli boya, ağac qozaları, yarpaqlar, qum və s.) əsas xüsusiyyətlərini öyrənərək, həm də onlardan istifadə zamanı yaradıcılığa təşəbbüs göstərirlər. Bu da uşaqların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir, onların gələcəkdə yeni ixtiralarına zəmin yaradır.

Uşaqların oyun və hərəkətləri onları cəld, çevik, qüvvətli etməklə bərabər, əhvali-ruhiyyələrinə də müsbət təsir edir. Daima hərəkət və fəaliyyətdə olan uşaqlar şən, qayğısız, mehriban, ünsiyyətcil olur, hərəkətsiz, diqqəti daima bir nöqtəyə, hadisə və əşyaya yönəlmiş uşaqlar isə qaradinməz, adamayovuşmaz, hirsli və inadkar olur, ətrafdakılarla çətin ünsiyyət qururlar. Unutmamalıyıq ki, oyuncaqları yerə atmaq, onları bir-birinə qatmaq uşaqlar üçün dəcəllik yox, hərəkətdir. Valideynlər bir qədər səbrli olub uşaqları oyuncaqlardan düzgün istifadə etmək, səliqəli olmaq, oynayandan sonra onları öz yerlərinə yığmaq qaydaları ilə əvvəlcədən tanış etməlidirlər.

Uşaqların oyun və hərəkətləri, əlbəttə ki, təkilikdə olmamalıdır. Daima böyüklərin əhatəsində böyüyən uşaqlar ya daha çox diqqət mərkəzində olduqları üçün ərköyün, dəcəl uşağa, ya da basqı altında olduqda əzgin, zəif uşağa cevrilirlər. Həmyaşıdları ilə kollektiv oyunlar uşaqları kollektiv həyata hazırlayır. Məsələn, bir neçə uşaq tərəfindən hazırlanmış bir fiqurun ayrı-ayrı hissələri birləşdirildikdən sonra əmələ gəlmiş nümunədə hər kəs öz əməyindən başqa, yoldaşlarının da payı olduğunu anlayır, yoldaşlarının faydası ilə hesablaşnmağı öyrənir. Kollektiv oyunlar zamanı uşaqlarda yoldaşlarının maraqlarına hörmət, onların rəyi ilə hesablaşmaq, onlarla mehriban və səmimi olmaq kimi vərdişlər yaranır. Kollektiv oyunlar uşaqlarda yardımlaşmağı, istək və arzularını ətrafdakıların faydalarına tabe etmək, daha çox səmərəli və əksəriyyət üçün əhəmiyyətli olanını etməyə alışdırır. Zaman-zaman bu oyunlar uşaqlarda əməksevərlik, humanizm, böyüklərə hörmət, kiçiklərə qayğı, yaşadığı çevrəsinə qarşı məsuliyyətli olmağı formalaşdırır. Bundan başqa uşaqlar səbrli, təmizkar olmaq, israf etməmək, bir-birlərinin haqlarına hörmətlə yanaşmağı öyrənirlər.

Uşaqların sağlam, güclü, böyümələri üçün onların oyunları, hərəkət və fiziki fəaliyyətləri vacib şərtlərdəndir. Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizə laqeyd qalmayın!

Müəllif: S. Ə. Ağayarova

Buna da baxın

Kişilər hansı qadınları sevmir?

Whatsapp ilə Paylaş Kişilərin hansı qadınları sevmədiyini bilmirsiniz? Qadinklubu.com kişilərin hansı qadınları sevmədiyini təqdim edir. …