Əsas səhifə / Əsas menu / Ana və uşaq / Uşaqların düzgün yazmaları üçün bəzi tövsiyələr
Bizi mobildən daha sürətli  izləyin

Uşaqların düzgün yazmaları üçün bəzi tövsiyələr

1

İbtidai siniflərdə uşaqların mənimsəmələri olduğu ən mühüm işlərdən biri də gözəl xətlə düzgün yazmağı öyrənmələridir. Çox zaman valideynlər bu işə ciddi yanaşmır, bəzən isə uşaqlara təzyiq göstərərək uşaqların “yazı problemi”ni həll edə biləcəklərini düşünürlər. Əslində isə səbəbləri aradan qaldırmağa çalışmaq və bu işdə uşaqlara yardımçı olmaq lazımdır.

Düzgün yazı uşaqların öyrənməli olduqları ən mühüm tələblərdən biridir. Çünki uşaqların öz fikirlərini müstəqil ifadə edə bilməsi üçün, onlar ilk növbədə savadlı yazmağı bacarmalıdırlar. Məsələn, imla yazılarda səhv etməyən uşaqlar belə, müstəqil xarakterli yazılarda çoxlu səhvlərə yol verirlər. Çünki, müstəqil yazılar zamanı onlar lazımi sözləri tapa bilmir, çətinlik çəkir, fikirlərini buna yönəldir, nəticədə səhvlərə yol verirlər. Buna görə də yazı işini nitq prosesi ilə bağlamaq vacib şərtdir.

Bu işdə müxtəlif təmrinlərdən istifadə etmək olar. Məsələn, çalışmaq lazımdır ki, uşaqlar yazı zamanı fikirlərini formalaşdırıb yığcam şəklə salan təmrinlərə yiyələnsinlər. Bunun üçün, evdə, boş vaxtlarında uşaqlara maraqlı və məzmunlu mətnlərin surətini köçürtmək, əzbərlədilmiş müxtəlif şeir və hekayələrin əzbər yazdırmaq və s. yaxşı nəticələr verir.

Valideynlər uşaqların verilən mövzuları sadəcə əzbərləmələrinə və kortəbii şəkildə öyrənmələrinə deyil, həmçinin yazdıqları hər bir sözün mənasını başa düşmək vərdişlərinə yiyələnmələrinə yardımçı olmalıdırlar. Bu vərdişləri mənimsəyən uşaqlarda yazı qaydalarını gözləmək vərdişləri də adət şəklinə düşür.

Vaxtaşırı olaraq, yeni öyrənilmiş sözlərin yazılışının təkrarlanmasına çalışmaq lazımdır.

Bundan başqa müxtəlif növlü yazılardan (üzündənköçürmə yazılar, imlalar, əzbər mətnlərin yazılması) da istifadə olunur. Yadda saxlamaq lazımdır ki, üzündənköçürmə sadəcə olaraq, surətin köçürülməsi deyil. Üzündənköçürmə prosesində uşaqlar sözün səs və hərf tərkibini tutuşdurur, fərqləri aşkara çıxarır, sözün yazılışını yadda saxlayaraq yazır. Uşaq mətnin üzünü hərf-hərf, heca-heca yox, bütöv sözlə, cümlə ilə köçürməlidir. Çünki əvvəlcə sözləri yadda saxlamağı bacaran uşaqlar, daha sonralar kiçik cümlələri də yadda saxlayıb yaza bilirlər.

Əzbər yazı zamanı uşaqlar yazacaqları mətni dəfələrlə görür, oxuyur, sözlərin yazılışını mənimsəyirlər. Əzbərlənmiş mətn daxili nitqin köməyi ilə yazılır.

Uşaqların təfəkkürünü inkişaf etdirmək onların nitqinə təsir edir, nitqini inkişaf etdirmək təfəkkürün inkişafına təkan verir. Yazılı nitqin başlıca məqsədi uşaqların gördükləri, oxuduqları, düşündükləri haqqında hamının başa düşə biləcəyi şəkildə yaza bilməkdir. Yəni şifahi nitq düzgün, anlaşılan, normalara cavab verən olduqda, yazılı nitq də aydın, dəqiq, mükəmməl və səhvsiz olur.

Uşaqlar üçün seçilən mətnlər məzmunca maraqlı və aktual, həcmcə yığcam olmalıdır.