Əsas səhifə / Əsas menu / Gözəllik / Üzdə yaranmış ləkə və qırışlardan necə qurtulmaq – Dermatoloq
Bizi mobildən daha sürətli  izləyin

Üzdə yaranmış ləkə və qırışlardan necə qurtulmaq – Dermatoloq

Üz insanlar, xüsusən də qadınlar üçün ən önəmli xarici nahiyələrdən biridir. Üzdə müəyyən ləkələrin və qırışların yaranması xanımların arzulamadığı porsesdir. Bəs bunların qarşısını necə almaq, üzdə yaranmış ləkə və qırışlardan necə qurtulmaq olar.

Qadinklubu.com bu problemlərə çarəni dermatoloq Şikar Hüseynovla məsləhətləşib.

– Üzdə yaranan sızanaqlar çəkilsə də, sonradan ləkəsi qalır və zamanla bu ləkə tündləşərək xal kimi görünür. Bunlardan necə qurtulmaq olar?

– Üzdəki sızanaqlar (akne) vaxtında müalicə olunsa, iz qalmaz. Müalicə olunmadıqda isə qırmızımtıl-qəhvəyi rəngli ləkələr (piqment ləkələri), dəridə çökək (atrofik) və ya qabarıq (hipertrofik) çapıqlar qoya bilir. Piqment ləkələrinin müalicəsi soyucu kremlər, kimyəvi peelinqlər, dermabraziya, lazerlər vasitəsilə olunur. Lakin bu prosedurların hamısı ancaq ilin soyuq fəsillərində olunmalıdır.

– Bəs su çiçəyindən qalan izləri necə itirmək olar?

– Su çiçəyindən sonra dəridə yaranmış çökək izləri (atrofik skar) yox etmək üçün ən ideal metod lazerdir. Bu məqsədlə CO2 və ya ER-YAG lazerlər (fraksional vəya ablativ) istifadə olunur. Müalicə ilin soyuq fəsillərində aparılır. Su çiçəyi izinin dərinliyindən asılı olaraq ayda bir dəfə olmaqla, bir vəya bər neçə seans ola bilər. Bundan başqa iynəli radiofrekans da istifadə oluna bilər, ama lazerlər daha üstündür.

– Üzə peeling neçə yaşdan sonra oluna bilər?

– 18 yaşa qədər məcbur qalmadıqca və tibbi göstəriş yoxdursa, dəridə hər hansı bir estetik prosedur (peelinqlər daxil) aparmaq məsləhət deyil. İstər kimyəvi, istər mexaniki peelinglərin 18 yaşdan sonra olunmağı məsləhətdir.

– Gündəlik ev şəraitində dəriyə necə qulluq etmək ve dərini necə nəmləndirmək lazımdır?

– Ev şəraitində dəriyə qulluq dəri təmizliyi ilə başlayır. Dərinizi tez-tez yumaq məsləhət deyil. Gün ərzində maksimum 2-3 dəfə üz yumaq lazımdır. Üz soyuq və ya ilıq su ilə yuyulmalıdır. Üzü yuduqda zeytun yağlı və ya digər nəmləndirici özəllikli sabunlar, yaxud da üz təmizləmə jelləri istifadə edin. Ev şəraitində özünüz tərəvəzlərdən və ya bitkilərdən təmizləyici kremlər hazırlaya bilərsiniz.

Məsələn, 1 ədəd xiyarı qabığını soymadan rəndədən keçirib 15 dəqiqə ilıq suda qaynadın. Sonra alınmış püreni süzün və soyuyana qədər gözləyin. Sonra üzərinə 25 qram badam yağı və 1 qaşıq isti süd əlavə edin. Bunları yaxşıca qarışdırın. Bu kremlə səhər-axşam üzünüzü silin. Dəriniz həm təmizlənəcək, həm də nəmlənəcək.

– İnsanların, xüsusən də qadınların ən çox qorxduğu məqamlardan biri yaşlanması və üzün qırışlanmasıdır. Üz yaşlanmasını gecikdirmək üçün nə etmək olar?

– Üz yaşlanmasını gecikdirmək üçün hər şeydən əvvəl dərinizə vaxtı vaxtında qulluq etmək lazımdır. Nəmləndirici və qidalandırıcı kremlər, maskalar davamlı istifadə olunmalıdır. Tez-tez və qalın makiaj istifadə edilməməlidir. Daha incə istifadə oluna bilər. Makiajla qətiyyən yatmaq məsləhət deyil. Bundan başqa günəş qoruyucu kremlərdən (SPF) həm yayda, həm qışda istifadə olunmalıdır. Üz əzələlərindən çox istifadə erkən qırışların əmələ gəlməsinə səbəb olur. Bundan başqa qidalandırıcı, təravətləndirici və yaşlanma əleyhinə tərkibli mezoterapiya kokteylləri müəyyən yaşdan sonra inyeksiya olunmağı məsləhətdir.